İliş və ya hörülmüş hekayə

Balıq ovu

Mənbəyini dağların yüksək zirvələrindən götürən Vəlvələ çayının məcrasını nəhəng qaya parçası kəsmişdi. Rəvayətə görə çox əsrlər öncə qorxulu məxluq olan Əjdaha bu qaya parçasını igid pəhləvan Dəmir bəyə atmışdı, lakin qaya yan keçib çaya düşmüşdü. Bu, həqiqətdirmi, deyilmi, heç kim bilmir, lakin Qırıxlı kəndinin yuxarısında kiçik göl əmələ gəlmişdi. Bu göldə bol olan alabalıq Elin hər yerində şöhrət qazanmışdı. Erkən yazdan başlayaraq ta yayın sonuna qədər ata dağ gölünə balıq ovuna gedirdi. Tutduğu alabalığı o, şəhərdə cümə bazarında satırdı.

Günortaya onlar gölə gəlib çatdılar. Atın yükünü boşaldandan sonra ata balıq ovu ləvazimatlarını hazırladı, tilovları uşaqlara payladı və gölün sahilinə doğru yollandı. O, tilovunu suya salıb gölün qırağındakı böyük yastı daşın üstündə oturdu. İlişin bacısı ilə qardaşı da öz qısa tilovlarını suya buraxdılar. Lakin onların tilovlarının ipləri bir-birinə elə dolaşıb buruldular ki, onlarla balıq tutmaq qeyri-mümkün idi. Onlar ipləri açmağa çalışsalar da, bu onlarda heç cür alınmırdı.

— Hamısı sənə görədir! — bacı qışqırdı və tilovu özünə doğru çəkdi. — Sənə dedim axı, mən tilovumu suya salana qədər sən gözlə!

— Sən nədən mənə əmr edirsən? — qardaş geri çəkilmədi və o da tilovu özünə doğru çəkdi.

Ata işə müdaxilə etdi (“Çoxdan vaxtı idi!” — səs-küyə dözməyən İliş rahat nəfəs alaraq düşündü).

— Di kiriyin! Bütün balıqları hürküdəcəksiniz! — atası acıqlandı. — İpi açmaq məgər belə çətindir?

Hər üçü ümidlə İlişə tərəf çevrildi. İliş isə başqa səmtə baxırdı. O, digər sahildə gözəl söyüd ağacını gözaltı eləmişdi. Ağacın nazik budaqları incə tərzdə əyilərək gölün su səthinə doğru uzanırdı.

— İliş, bacı-qardaşına kömək elə, — ata xahiş etdi.

İliş tilovlara baxdı. “Bundan asan nə var, iki ip, beş-altı da düyün!” — İliş vəziyyəti qiymətləndirdi. O, cansıxıcı balıq ovundan aralanma imkanına hətta sevindi də. Bir neçə məharətli hərəkət kifayət etdi ki, tilovların ipləri açılsın. Öz tilovlarını alan uşaqlar susdular, ataları ilə yanaşı daşda əyləşib balıq tutmağa başladılar.

Digərlərinin başı balıq ovuna qarışdığından istifadə edən İliş sezdirmədən aradan çıxdı. Əlbəttə, o, söyüd ağacına tərəf getdi. İliş söyüd budağını səliqə ilə qopardı. Əlləri özündən asılı olmadan budağı bükdü və bir düyün hördü. Sonra daha bir düyün, yenə də… İliş hörməyə elə aludə olmuşdu ki, həm atasını, həm də bacı və qardaşını unutmuşdu. Bir qədər sonra artıq onun əlində söyüd budaqcıqlarından hörülmüş hazır səbət var idi. Səbət dəyirmi idi, bir dirsək yarım enində, kənarlarında çoxlu xırda deşikləri var idi. Ancaq səbəti hörüb qurtarandan sonra İliş atasının və uşaqların israrla ona əl elədiklərini sezdi. İliş səbəti götürüb onların yanına getdi.

İlişin əlində səbəti görən bacı və qardaşı onun üstünə atıldılar. Bacı səbəti bir tərəfə, qardaş digər tərəfə, İliş də üçüncü tərəfə doğru dartırdı… Bu, atanın səsi ildırım kimi gurlayana qədər davam etdi. Uşaqlar qorxudan diksinib səbəti buraxdılar. İliş səbəti qardaş və bacısından bir qədər gec buraxdığından səbət onun başının üstündən uçub şappıltı ilə gölə düşdü.

Ata İlişi məzəmmət etdi (sanki o, bu işin baisi idi!):

— Nə vaxt düz-əməlli bir işlə məşğul olacaqsan? Bütün günü hey hörürsən, amma bu məşğuliyyətdə azacıq da olsa fayda yoxdur. Faydalı bir işlə məşğul ol. Heç olmasa tilova sancmağa tələ yemi topla!



geri mündəricat