İliş və ya hörülmüş hekayə

Çağırılmamış qonaq

Tilova balıq gəlmirdi. Bütün əvvəlki gün ərzində onlar cəmi bir cüt xırda balıq tutmuşdular. Ata qəmgin və qaşqabaqlı idi.

Sübh erkən gölün ətrafında yüksələn təpənin zirvəsində atlı göründü. Atlının atı löhrəm yerişlə bəxti gətirməyən balıq ovlayanlara yaxınlaşdı. Ata öz tilovunu İlişə verdi və yad adama doğru getdi:

Səbət

— Salamlar olsun sənə, kəndli! — atlı atanı salamladı.

— Sənə də salamlar olsun, atlı! — ata cavab verdi.

— Görürəm, balıq tutursan. Yaxşı çəkibalığı və ya alabalığı ilə məmnuniyyətlə nahar edərdim, yoxsa dünəndən bəri ağzıma heç nə atmamışam, — atlı cibindən dəri pul kisəsini çıxartdı (içindəki sikkələr bərkdən cingildədilər) və kisədən iki gümüş sikkə götürdü.

— Ey nəcib atlı, mən səni balığa qonaq edə bilməyəcəm. Əgər sən acsansa, bizimlə birlikdə evdən gətirdiklərimlə nahar edə bilərsən, — atası məyus halda dedi və şorba bişirilən qazanı göstərdi.

— Məgər mən az qiymət təklif etdim? — atlı soruşdu.

— Əksinə, sənin qiymətin çox yüksəkdir. Amma mənim bəxtim gətirməyib. Mənim bütün ovum cəmisi bir-iki xırda balıqdır. Onları qonağa təklif etməyə utanıram.

— Kəndli, yalnız tilova balıq düşmədiyi üçün heç vaxt demə ki, mənim bəxtim gətirmir. Adam bəxtini ovladığı balığın qədərinə görə ölçməz. Səninlə eyni qazandan yemək yeyərəm, sonra isə öz yoluma davam edəcəyəm! — yad adam gümüş sikkələri atanın ovcuna basdı.

Kəndli tutuldu. “Nə edim? Azuqəmiz üç günə ancaq çatar. Qonağın boy-buxununa baxan kimi bilinir ki, iştahası zəif olanlardan deyil! Bir göz qırpımında azuqəmizin hamısını yeyər! Amma digər tərəfdən də yolçuya yemək verməmək olmaz!” — kəndli düşündü.

— Ocağın ətrafında əyləşin, ağa. Amma sizin pulunuzu qəbul edə bilməyəcəm! Mən sizə balıq satmadım. Şorbaya görə isə pul almaram, çünki ac yolçunu doyuzdurmaq hər bir vicdanlı insanın borcudur. Mənim şərtim belədir, — ata qətiyyətlə bəyan etdi və sikkələri yad adama qaytardı. (Ümumiyyətlə, atası tez-tez İlişin anlaya bilmədiyi hərəkətlər edirdi. Bax indi də İliş başa düşmürdü ki, niyə balıq satmaq olar, amma şorbaya görə pul götürmək olmaz).

— Cəsarətdən kasad deyilmişsən, özün silahsız ola-ola belində qılıncı olan adama şərt qoyursan, — atlı kəndlinin alicənablığını yüksək qiymətləndirdi.

— Cəsarətin bura nə aidiyyəti var? Sən acsan, məndə isə yemək var — bu da sənə şərt, — ata dodağının altında söylədi.

Atlı gölə yaxınlaşdı və əl-üzünü yumaq üçün əyildi. O, əlini suya saldı və birdən ucadan güldü:

— Kəndli, bu qədər balıq olan yerdə niyə balığının olmadığını deyirsən?

Yad adamın sudan çıxartdığı… səbət idi. Bəli, İlişin hördüyü və uşaqların gölə saldıqları həmin səbət. Səbətdə iki böyük alabalıq çırpınırdı. Ata təəccübdən fit çaldı.

— İliş, bəxtin gətirib, — ata oğluna dedi və yad adama tərəf çevrilərək davam etdi. — Bu, mənim oğlumdur. Həmişə nə isə hörür. O hörür, biz isə çölə tullayırıq. İşə bir bax!



geri mündəricat