İliş və ya hörülmüş hekayə

Evdə qalmaq istəyirəm

Qırıxlı kəndində cəmisi bir küçə var idi. Küçə o qədər balaca idi ki, onu şəhərdə yaşayan kimsə küçə belə adlandırmazdı. Bura elə bir dar yer parçası idi ki, qarşı-qarşıya gələn iki araba oradan keçə bilməzdi. Bu balaca küçə (aydındır ki, küçənin adı da yox idi) bulağın yanından başlayıb təpə ilə kəndin o biri başına doğru qalxırdı. İki oğlan yırğalana-yırğalana bulağa tərəf düşürdü. İlişin evinə çatanda onlar dayandılar. Oğlanlardan böyük olan tayı həyətə girdi və barmaqlarını dodaqlarına qoyub fit çaldı.

— Hə, nə oldu? — ikinci oğlan maraqlandı.

— Görünmür, — birinci başını buladı.

— Get bir samanlığın içinə bax! O, yəqin ki, oradadır! — ikinci israr etdi.

— İliş! — böyük oğlan harayladı. — Bəsdir çör-çöplə oynadın! Gəl, bizimlə yuxarı talaya gedək! Bu gün orda çövkən oynayacaqlar!

İliş ehtiyatla samanlığın qapısına yaxınlaşdı, amma eşiyə çıxmadı, heç qapıya da toxunmadı. Samanlığın alaqaranlığında o, özünü daha əmin hiss edirdi. Azca aralanmış qapının arasından İliş şübhə ilə çağırılmamış qonaqlara baxdı.

— Yox, evdə qalsam yaxşıdır. Axşama qədər mənə iyirmi dörd hörümçək-düyünü bağlamaq və iki gürzə-hörüyü hörmək lazımdır, — oyuna baxmağa gələn hay-küylü tamaşaçı kütləsi İlişi heç cəlb etmirdi.

— Qulaq as, İliş, — uşaqlar onu inadından döndərməyə çalışırdılar. — Bu gün bizimlə gedək, sabah isə öz hörümçəklərini və ilanlarını hörərsən.

— Sabaha başqa vacib işlərim var. Sabah gürzə-hörüyə ulduz naxışı vurmağa çalışacağam. Əgər siz bilsəydiniz ki, bu necə çətindir! — onu başa düşəcəklərinə ümid etmədən İliş etiraz etdi.

Uşaqlar laqeydliklə çiyinlərini çəkib getdilər. Qapıdan çıxarkən nə isə pıçıldaşıb gülüşdülər. İlişə nədənsə elə gəldi ki, uşaqlar ona gülürdülər. O, samanlığın dərinliklərinə daldı, orada onu böyük çubuq və budaqcıq yığını gözləyirdi.




mündəricat