İliş və ya hörülmüş hekayə

Yüyən

Kömür közü üzərində hazırlanmış balığı iki dəqiqəyə yedilər. İndi hamı doymuşdu və çox razı idilər. Balacalar yuxuya müqavimət göstərmədilər, kölgəlikdə uzanıb yatdılar. İliş kənarda oturub nə isə hörürdü.

Atlı atını suvardı və yola hazırlaşmağa başladı. Hazırlığını görüb qurtardıqdan sonra o, əlini atın yüyəninə gəzdirdi (yüyən yeyilmişdi, qırılmağa lap az qalmışdı) və dedi:

İliş və at

— Kəndli! Mən mütləq cümə günü günortaya qədər Dənizkənarı-Şəhərə yetişməliyəm. Qorxuram yüyən məni yarı yolda qoyar. Öz atının yüyənini mənə satmazsan ki?

— Olsaydı, həvəslə verərdim. Amma mənim kəhərim yüyənsiz ötüşür, — atası etiraf etdi.

— Bəlkə səndə hansısa kəmər var?

— Yoxdur, ağa. Heç bilmirəm sizə necə kömək edim, — atası əllərini əlacsızcasına açaraq dedi.

Atlı gözlərini yumdu və donub qaldı, yalnız sağ ayağını taqqıldadırdı (o, nə isə fikirləşmək lazım gələndə hər dəfə belə edirdi). Sonra gözünü açmadan səsləndi:

— Bəlkə, sənin oğlun məni bu vəziyyətdən qurtarar? İliş, mənə yüyən hörə bilərsən?

İliş çiyinlərini çəkdi.

— Ümumiyyətlə, sən nə hörməyi bacarırsan? — atlı soruşdu.

— Cürbəcür düyünlər, məsələn, ulduz-düyün, hörümçək-düyün ya da ən sevdiyim yumaq-düyün. O, çox maraqlıdır. Onu hörən vaxtı o, böyük olur, sonra isə sıxılır… — İliş öz sevimli məşğuliyyəti haqda saatlarla danışa bilərdi.

— Yaxşı, yaxşı. Görürəm ki, sən düyünlər haqqında xeyli danışa bilərsən… — atlı İlişin sözünü kəsdi.

İliş yenə də çiyinlərini çəkdi və ürəyində fikirləşdi: “Təkcə düyünlər haqqında deyil, həm də hörüklər haqqında, eləcə də ilgəklər haqqında…”. Oğlan davamlı və yumşaq budaqlar axtarmaq üçün meşəyə getdi. O, əlində bir qucaq müxtəlif budaqcıqlarla geri qayıtdı, onları yerə qoyub ən yoğunundan tutmuş naziyinə qədər ölçülərinə görə bir-bir ayırdı və dəstələyib yerə düzdü. İliş onları hörməyə başladı. Atlı İlişin budaqcıqlarla necə məharətlə işlədiyini heyrətlə müşahidə edirdi.

Yüyən hazır olanda İliş onu atlıya uzatdı.

— Ömrümdə belə şey görməmişəm! — atlı heyranlıqla İlişin hördüyü yüyəni nəzərdən keçirərək etiraf etdi.

Atlı ataya balığa görə iki gümüş sikkə və əlavə olaraq yüyənə görə iki qızıl sikkə verdi. O, vidalaşmadan ata sıçradı və çaparaq gözdən itdi. Ata bir əlində gümüş, digər əlində isə qızıl sikkələr tutaraq qətiyyətsiz halda dayanmışdı. O, sanki sikkələrin dəyərini ölçürmüş kimi gah sağ, gah da sol əlini qaldırıb salırdı. Sonra atası razı halda gülümsəyərək uşaqlara yığışmağı tapşırdı — balıq ovu başa çatdı. Onun heç vaxt belə bol ovu olmamışdı. Hər şeyi topladılar. Hətta səbəti də (İliş buna çox sevindi, çünki ilk dəfə idi ki, atası onun məşğuliyyətini dəyərləndirirdi).



geri mündəricat